6 Haziran 2010 Pazar

Təklif Brukseldə keçiriləcək növbəti toplantının kordinə qrupunun müzakirəsinə təqdim olunur. Bu təkliflə bağlı fikir və mülahizələriniz hörmətlə qarşılanacaq.


Güney Azərbaycan Milli Azadlq Hərəkatı Cəbhəsi


Güney Azərbaycanda gedən milli azadlıq hərəkatında milli və siyasi fəaliyyətin kütləviləşmə prosesi milli hərəkatda təşkilatlanma və təşkilatlararası işbirliyinin qurulması zərurətini ortaq qoydu və bu zərurətdən irəli gələrək 12 dekabr 2009-ci ildə Amsterdam dialoq toplantısı gerçəkləşdirildi. Toplantıda milli qüvvələrin və təşkilatların ortaq prinsiplər əsasında qəbul etdikləri 12 maddəlik bəyaniyə bu gün Güney Azərbaycan milli hərəkatının sistemli strategi fəaliyyət istiqamətini müəyyənləşdirir. Amsterdam bəyaniyəsinin 12 maddəlik işbirliyi prinsipləri imkan verir ki, Brukseldə keçiriləcək növbəti toplantıda Güney Azərbaycan Milli Azadlıq Hərəkatı Cəbhəsi (GAMAHC) adlı bir qurum yaradılsın, onun vəzifə və



funksiyaları müəyyən edilsin.

Cəbhənin əsas fəaliyyət istiqaməti Amsterdam bəyaniyəsindən irəli gələn prinsiplər əsasında müəyyənləşir. Cəbhə Güney Azərbaycan milli azadlıq hərəkatında fəal olan milli və siyasi quvvələrin birgə fəaliyyət mexanizmi çərçivəsində əməkdaşlığına şərait yaradır və Güney Azərbaycanın ümummilli problemlərinin uluslararası məkanda gündəmə gətirilməsi, bu problemlərin həlli istiqamətində fəaliyyət göstərir.


Əsas prinsiplər

Güney Azərbaycan milli hərəkatında fəal olan milli, siyasi, ictimai, mədəni qurum və təşkilatların, müstəqil fəaliyyət göstərən şəxslərin ümummilli məqsədlər istiqamətində birgə fəaliyyətini təmin edə biləcək bu Cəbhənin işlək mexanizminin əsas prinsipləri aşağıdakılardan ibarətdir:


- Güney Azərbaycan Milli Azadlıq Hərəkatı Cəbhəsi ümummilli maraqlar əsasında beynəlxalq səviyyədə fəaliyyət göstərən milli-siyasi qurumdur.


- Güney Azərbaycan Milli Azadlıq Hərəkatı Cəbhəsi Güney Azərbaycanda millətimizin fars mərkəzli işğalçı rejim tərəfindən pozulmuş milli, siyasi, iqtisadi və mədəni hüquqlarının təmin edilməsi, Güney Azərbaycanda gedən milli azadlıq hərəkatının dəstəklənməsi və kütləviləşən milli hərəkatın sistemli təşkilatlanmasına qarşı yönələn maneələrin aradan qaldırılması, Güney Azərbaycanın ərazi bütövlüyünə qarşı aparılan təxribatyönlü siyasətin qarşısının alınması və Güney Azərbaycan probleminin beynəlxalq səviyyədə gündəmə gətirilməsi istiqamətində iş aparan bir qurumdur.


Cəbhə fəaliyyətini aşağıdakı istiqamətlərdə qurur:

İnsan haqları - Cəbhə öz fəaliyyətində İnsan haqları, demokratiya və hüququn aliliyinə əsaslanır və beynəlxalq səviyyədə Güney Azərbaycanda millətimizin hüquqlarının qorunması istiqamətində öz fəaliyyətini tənzimləyir. Bu alanda cəbhə ilə əməkdaşlıq etmək istəyən qurum və ya təşkilatlar beynəlxalq konvensiyada nəzərdə tutulmuş insan hüquq və azadlıqlarına hörmət etməli, həmçinin Güney Azərbaycanda millətimizin pozulmuş hüquqlarının müdafiəsi uğrunda aparılan mübarizəni rəsmiyyətdə tanıyaraq ona dəstək verməlidir.

Ana dilində təhsil hüququ - Ana dilində təhsil almaq insanların ən ibtidai haqlarından sayılır və dünyada mədəniyyətlərarası münasibətlərdə əhəmiyyətli rol oynayır. Lakin, Güney Azərbaycanda millətimizin bu haqdan məhrum edilməsi ona qarşı ən böyük ədalətsizlikdir. Belə ki, 1925-ci ildən etibarən aparılan farslaşdırma siyasəti nəticəsində Güney Azərbaycanda yaşayan azərbaycan türkləri assimiləyə məruz qalmışlar. Demokratik ölkələrdən fərqli olaraq bu gun də fars rejimi tərəfindən işgal altında saxlanılan Güney Azərbaycanda azərbaycan türk millətinin ana dilində təhsil alma hüququ pozulur və onlar məcburi olaraq fars dilində təhsil alırlar. Bu səbəbdən də Cəbhə Güney Azərbaycanda yaşayan türklərin öz ana dilində təhsil alması və eyni zamanda milli tərbiyə və təhsil səviyyəsinin təmin edilməsi üçün aparılan mübarizəni dəstəkləyir. Çünki, bir millətin var olması və inkişafı onun ana dilində təhsil və tərbiyə almasından keçir.


Milli-mədəni irs - Azərbaycan türkünün dili, ədəbiyyatı, incəsənəti, memarlıq abidələri və digər mədəni sərvətləri onun milli-mədəni mirasıdır. Cəbhə milli-mədəni mirasımızın qorunub saxlanılmasının və inkişafının qarşısında duran maneələri aradan qaldırmaq üçün beynəlxalq səviyyədə fəaliyyət aparır.


Təbii sərvətlər - Güney Azərbaycanda yeraltı və yerüstü sərvətlərimizin bu gün hakimiyyətdə təmsil olunan fars irqçi rejim tərəfindən talanıb aparılması, millətimizin yoxsul duruma salınması və öz milli sərvətlərindən məhrum edilməsi faktı Güney Azərbaycanın inkişafının qarşısını alan ciddi amillərdən biridir. Cəbhə bu istismarçı siyasətə etiraz edən milli hərəkatın fəaliyyətini dəstəkləyir və bu istiqamətdə problemin beynəlxalq səviyyədə gündəmə gətirilməsi yönündə fəaliyyət göstərir.


Ətraf muhit - Ətraf-mühitin qorunması bugünümüzün və gələcək nəsillərin həyatı üçün əsas şərtdir. Ancaq, fars mərkəzli rasist rejim dünya standartlarını pozaraq Güney Azərbaycanda ətraf-mühit siyasətini bir millətin bugününü və sabahını məhv etmək istiqamətində aparır. Bu neqativ fəaliyyətləri nəzərə alaraq Cəbhə, müasir dünyanın yüksək ətraf-mühit standartlarını əsas tutur və Güney Azərbaycanda ətraf-muhitin qorunması, onun məhvinə yönələn siyasətin qarşısını almaq üçün fəaliyyət göstərir.

Beynəlxalq əlaqələr və lobbiçilik - Azərbaycan türkünün milli, siyasi, insani və digər problemlərinin gündəmə gətirməsi baxımından önəmli addımların atılması olduqca vacibdir. Elə bu səbəbdən də Cəbhə beynəlxalq qurum və təşkilatlarla əlaqələr qurur. Cəbhə regional proseslərdə Azərbaycan türkünün milli və insani hüquqlarına hörmətlə yanaşan demokratik dövlətlərin siyasi, ictimai və qeyri-hökumət qurumları ilə beynəlxalq qanunlar çərçivəsində əlaqə yaradaraq Güney Azərbaycanın problemlərini gündəmə gətirir və bu problemlərin həlli istiqamətində onlarla əməkdaşlıq edir. Cəbhə Güney Azərbaycan milli hərəkatının milli maraqları, Güney Azərbaycanın təhlükəsizliyi və regional mövqeyini nəzərə alaraq fəaliyyət mexanizmlərini oluşdurur və bu istiqamətdə vahid mövqedən çıxıs edərək aparılan geopolik fəaliyyətlərdə Güney Azərbaycanın milli maraqlarını qorumağa çalışır, baş verəcək geopolitik hadisələrdə Güney Azərbaycanın milli maraqlarını qoruyaraq bu proseslərə müdaxilə edir. Həmçinin, Cəbhə xarici ölkələrdə yaşayan Güney azərbaycanlıların yaşadıqları dövlətlərin qanunvericiliyinə uyğun olaraq, onların təmsil olunduqları qurum və təşkilatlar, kütləvi informasiya vasitələri arasında əlaqələri bərpa edir və Güney Azərbaycan lobbiçiliyini formalaşdırır.


Kütləvi informasiya vasitələri - Kütləvi informasiya vasitələri məlumat, maarifləndirmə və əyləncənin əsas mənbəyidir. Güney Azərbaycanda kütləvi informasiya vasitələri fars rejimi tərəfindən idarə olunduğundan, bu sahədə də aparılan ayrıseçkilik siyasəti nəticəsində azərbaycan türk millətinin milli və mənəvi dəyərləri saxtalaşdırılır və təhqir edilir. Buna görə xaricdə Güney Azərbaycanla bağlı milli informasiya sektorunun güclənməsi olduqca önəmlidir. Bu ortaq milli marağımızın təmin olunması istiqamətində ciddi addımların atılmasını vacib hesab edərək, Cəbhə Güney Azərbaycanda rejimin məlumat və informasıya blokadasını qırmaq məqsədilə öz mətbuat orqanını yaradır və bu sahədə fəaliyyət göstərən milli kütləvi informasiya vasitələrini (radio, sayt, jurnal) dəstəkləyir, onlarla əməkdaşlıq edir. Həmçinin, milli informasiya sektorunun koordinə olunmuş şəkildə fəaliyyətinə yardım etmək məqsədilə Cəbhə bu gün əsasən verilişlərini Güney Azərbaycana həsr edən və millətimizin maariflənməsində böyük təsirə malik yeganə milli televiziya olan GünazTV-nin fəaliyyətinə dəstək verir və onunla əməkdaşlıq edir. Cəbhə bu vizual sektorun Güney Azərbaycan Milli Azadlq Hərəkatında təsirini dəyərləndirərək GünazTV-nin hərtərəfli inkişafı üçün bir sıra proqramların gerçəkləsdirilməsi və proqram zənginlyinin artırılması üçün imkanlarını səfərbər edir.


Cəbhənin idarəetmə orqanları və onların səlahiyyətləri


Cəbhənin idarəetmə orqanları Amsterdam bəyaniyəsini qəbul edən, Güney Azərbaycanın milli, siyasi, ictimai və mədəni qurumlarında təmsil olunan nümayəndələrdən və şəxslərdən təşkil olunur.


Cəbhənin idarəetmə orqanları aşağıdakılardır:


Yığıncaq, İdarə heyəti, sədr, komissiyalar, nümayəndəliklər.


İdarə heyəti

- İdarə heyəti (5. 7, 9, 11) nəfərdən ibarətdir.

- İdarə heyəti Cəbhənin fəaliyyətini həyata keçirən orqandır.

- İdarə heyətində qərarlar məsləhət , əməkdaşlıq , ortaq qərar üsulu və fikir uyğunluğu ilə verilir.

- İdarə heyəti öz səlahiyyətləri çərçivəsində Cəbhənin daxili qaydalarını, komissiya və nümayəndəliklərini, siyasi, ictimai, qeyri-hökumət, həmçinin beynəlxalq təşkilatlarla əlaqələrin yaradılmasını müəyyən edir.

Komissiyalar və nümayəndəliklər.

Cəbhədə formalaşan komissiyalar və nümayəndəliklər öz öhdələrinə düşən fəaliyyət növləri üzrə fəaliyyət mexanizmi formalaşdıraraq Cəbhə tərəfindən aldıqları yetki əsasında iş aparır, təkliflər hazırlayır, idarə heyətinə təqdim edirlər. Cəbhənin icra strukturuna İnsan hüquqları komissiyası, Beynəlxalq əlaqələr və lobbiçilik komissiyası ilə yanaşı aşağıdakı komissiya və nümayəndəliklər də daxildir:


Nümayəndəliklər - Cəbhənin nümayəndəlikləri müxtəlif ölkələr üzrə fəaliyyət göstərirlər. Bu nümayəndəliklər Cəbhə tərəfindən Güney Azərbaycanla bağlı müəyyənləşdirilən məsələləri olduqları ölkənin hökumət və qeyri-hökumət orqanlarının gündəminə çıxarır, Cəbhə tərəfindən planlaşdırılan tədbirlərin həyata keçirilməsini təşkil edirlər.

Təklif və tənqid komissiyası - Cəbhənin fəaliyyətinin şəffaflığını təmin etmək və nizamlamaq məqsədilə təklif və tənqid komissiyası fəaliyyət göstərir. Komissiyaya daxil olan şifahi və yazılı təklif və tənqidlər bu komissiyada araşdırılıb müzakirə edildikdən sonra umumiləşdirilir, tənqid və təkliflər, həmçinin onların həlli yolları idarə heyətinə göndərir.

İqtisadi və sosial komissiya - Bu komissiya fərqli İqtisadi qruplarının Cəbhəyə maliyyə dəstəyi verməsinə şərait yaradan qurumdur. Komissiyaya gələn maddi yardım və itqisadi əməkdaşlıq təklifləri məsləhətləsdikdən sonra idarə heyətinin qərarı ilə Cəbhə həmin iqtisadi qurumlarla əməkdaşlıq edir. İdarə heyəti tərəfindən müəyyən edilmiş təftiş qrupu bu komissiyanin fəaliyyətinə nəzarət edir. Həmçinin Cəbhənin illik büdcəsi bu komissiya tərəfindən müəyyənləşdirilir və idarə heyətinə təqdim edilir.

İllik hesabat toplantısı - Cəbhə ildə bir dəfə olmaqla yığıncaq keçirir, gələcək planlarını müzakirə edir və ictimaiyyətə Cəbhənin illik fəaliyyəti ilə bağlı hesabat xarakterli rapor verir.

Təklifi hazırlayan : Azərbaycan Strateji Araşdırma Mərkəzinin eksperti Sadiq İsabəyli

Hiç yorum yok:

Yorum Gönder